Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər.
Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi.
Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir.